Borcluların dünyası | İNFOQRAFİKA

   Borcluların dünyası    | İNFOQRAFİKA
  13 Yanvar 2025    Oxunub:575
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində xatırlatmışdı ki, beş il əvvəl Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təqribən 20 faizinə bərabər idi. O zaman qarşıya bu nisbəti 10 faizə endirmək hədəfi qoyulmuşdu. Həmin məqsədə tam şəkildə nail olunub: hazırda Azərbaycanın xarici borcu ÜDM-in 7.2 faizinə bərabərdir.
5.2 milyard dollar həcmindəki xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə də, Prezidentin sözlərinə görə, əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb.

Bəs digər ölkələrdə vəziyyət necədir?

Dünyadakı bütün dövlətlərin ümumi xarici borclarının cəmi son 10 ildə 42.4 trilyon dollar artaraq, 102.1 trilyon dollara çatıb. Bunun 1/3-dən çoxu, yəni 34.6%-i ABŞ-nin payına düşür. Birləşmiş Ştatların 36 trilyon dollara yaxın xarici borcu onun ÜDM-dən çoxdur, daha dəqiqi, 123%-nə bərabərdir.

Çinin 16,4 trilyon dolları aşan xarici borcu son 10 ildə 40% artaraq, ÜDM-nin 90.1%-nə çatıb. Bu, dünyadakı məcmu borclanmanın 16.1%-i edir. BVF-nin hesablamalarına görə, Çinin xarici borcu yaxın beş ildə artaraq, ÜDM-sinin 111.1%-nə çatacaq.


Siyahıda 3-6-cı yerləri tutan Yaponiyanın, Britaniyanın, Fransanın, İtaliyanın, 9-cu yerdəki Kanadanın da xarici borcları ÜDM-lərinin həcmindən çoxdur. İlk onluqdakı dövlətlərin arasında ÜDM-yə nisbətdə ən böyük borclanma Yaponiyadadır: 255 %.

Bütövlükdə dünya miqyasında “rekord” isə bitib-tükənmək bilməyən münaqişələrdən əziyyət çəkən Sudandadır : onun xarici borcu ÜDM-sinin 344%-ni təşkil edir.


2024-cü ildə xarici borclar üzrə faiz ödəmələrinin ümumi məbləği $892 milyard edib. 2034-cü ildə bu rəqəmin $1.7 trilyona çatacağı gözlənilir.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   İqtisadiyyat   Borc  





Xəbər lenti